BAKI, 27 mart. TELEQRAF

Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkiyə, Pakistan, Misir və Səudiyyə Ərəbistanı xarici işlər nazirləri arasında Fars körfəzindəki vəziyyətlə bağlı yaxın günlərdə Pakistanda görüşün keçirilə biləcəyini açıqladı.

Teleqraf xəbər verir ki, bu fikirləri Fidan "A Haber" televiziya kanalına müsahibəsində bu ölkələrdən olan həmkarları ilə əvvəlki təmaslarını şərh edərkən deyib.

"Türkiyə, Pakistan, Misir və Səudiyyə Ərəbistanı arasında görüşü müzakirə etdik. Lakin pakistanlı həmkarımız ölkəsində qalmalı olduğundan, Pakistanı nəzərdən keçirmək qərarına gəldik. Bu həftə sonu orada görüşə bilərik. Davam edən müharibə fonunda danışıqlar prosesinin hara doğru getdiyini müzakirə edəcəyik. Dörd ölkəmizin mövcud problemləri necə qiymətləndirdiyini və hansı addımları ata biləcəklərini müzakirə edəcəyik", - nazir bildirib.

O əlavə edib ki, hazırda belə bir görüş barədə razılıq var, lakin iştirakçıların sayının artması ehtimalı azdır.