BAKI, 27 mart. TELEQRAF

Səudiyyə Ərəbistanı və Ukraynanın müdafiə nazirlikləri Ciddədə müdafiə təchizatı sahəsində əməkdaşlıq haqqında memorandum imzalayıblar.

Teleqraf xəbər verir ki, bu barədə krallığın Müdafiə Nazirliyi məlumat yayıb.

"Müdafiə Nazirliyi və onun ukraynalı tərəfdaşı Ciddədə müdafiə təchizatının təşkili ilə bağlı memorandum imzalayıblar. Sazişin dəyəri və avadanlıq növləri açıqlanmayıb".

Daha əvvəl Vladimir Zelenski Kiyev və Ər-Riyad arasında müdafiə əməkdaşlığı sazişinin imzalandığını elan etmişdi. O, sənədin gələcək əlaqələr, texnoloji əməkdaşlıq və investisiya üçün təməl qoyduğunu bildirib.

İmzalanma Zelenskinin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səudla görüşündən əvvəl baş tutub.

Səudiyyə Ərəbistanının SPA xəbər agentliyinin məlumatına görə, danışıqlar zamanı tərəflər ikitərəfli münasibətləri, eləcə də regional və beynəlxalq hadisələri, xüsusən də Yaxın Şərqdəki hərbi eskalasiyanı və Ukrayna münaqişəsindəki inkişafları müzakirə ediblər.