BAKI, 27 mart. TELEQRAF
Martın 31-də Kiyevdə Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas ilə Aİ üzv dövlətlərinin xarici işlər nazirliklərinin rəhbərləri arasında görüş keçiriləcək.
Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa sosial şəbəkədə məlumat yayıb.
“31 martda Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas və Aİ üzv dövlətlərinin xarici işlər nazirlərini nazirlər səviyyəsində görüş üçün Kiyevdə qarşılamaqdan məmnun olarıq. Bu tarixin simvolik əhəmiyyəti var. Biz Buçan faciəsinin ildönümünü qeyd edəcək və bu və digər vəhşiliklərə görə rusiyalı cinayətkarları məsuliyyətə cəlb etmək əzmimizi bir daha təsdiqləyəcəyik”, - deyə Sibiqa bildirib.
Görüşün mövzuları Aİ-nin Ukraynaya dəstəyi, Rusiyaya təzyiqin artırılması və Avropada sülhə nail olmağa və uzunmüddətli sabitliyin təmin edilməsinə yönəlmiş səylər olacaq.
Nazir dəvəti qəbul etdikləri üçün Kallasa və Aİ üzv ölkələrindən olan həmkarlarına təşəkkürünü bildirib.