BAKI, 22 mart. TELEQRAF

"Aeroflot" aviaşirkəti SU1854 nömrəli Moskva-Bakı reysinin mühərrik nasazlığı səbəbindən "Şeremetyevo" hava limanına qəza enişi etməsi barədə bəzi "Telegram" kanallarında yayılan məlumatları təkzib edib.

Teleqraf xəbər verir ki, bu barədə aviaşirkətin mətbuat xidməti rəsmi bəyanat yayıb.

Aviaşirkətin açıqlamasında bildirilir ki, yayılan məlumatlar həqiqəti əks etdirmir. Əslində, 22 mart tarixində baş tutan uçuş zamanı təyyarə havaya qalxdıqdan qısa müddət sonra quşla toqquşub:

"Bir neçə resursda yayılan mühərrik nasazlığı barədə məlumatlar yanlışdır. Uçuş təhlükəsizliyi qaydalarına uyğun olaraq, SU1854 reysinin göyərtə komandiri təyyarənin quşla toqquşması səbəbindən geri — 'Şeremetyevo' hava limanına qayıtmaq qərarı verib".

Qeyd olunub ki, təyyarənin enişi hər hansı fövqəladə vəziyyət olmadan, tam ştat rejimində icra edilib. İnsident nəticəsində heç bir texniki ciddi fəsad qeydə alınmayıb və sərnişinlərin təhlükəsizliyi təmin olunub.

"Aeroflot"dan verilən məlumata görə, sərnişinlərin vaxt itirməməsi üçün reys qısa müddət ərzində ehtiyat təyyarə ilə yerinə yetiriləcək. Hazırda sərnişinlərin yeni hava gəmisi ilə Bakıya yola salınması üçün hazırlıq işləri görülür.

***

13:35

Rusiyanın "Aeroflot" aviaşirkətinə məxsus, Moskva-Bakı marşrutu üzrə hərəkət edən təyyarə "Şeremetyevo" hava limanına təcili eniş edib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Bildirilib ki, təyyarə Moskva vaxtı ilə saat 08:00-da Bakı istiqamətində uçuş həyata keçirib. Lakin uçuşdan qısa müddət sonra təyyarənin mühərriklərindən birində texniki nasazlıq yaranıb. Pilotlar yaranmış vəziyyətlə əlaqədar dərhal geriyə — "Şeremetyevo" hava limanına qayıtmaq barədə qərar qəbul ediblər.

"Aeroflot"a məxsus bort saat 12:10 radələrində paytaxt hava limanında uğurlu eniş reallaşdırıb. Hadisə nəticəsində xəsarət alan olmayıb, sərnişinlər təhlükəsiz şəkildə təxliyə ediliblər.