BAKI, 20 mart. TELEQRAF

İranın hərbi əməliyyatdan sonra özünə gəlməsi üçün 10 ilə ehtiyacı var. Bu ölkədə rejim dəyişikliyi hərbi əməliyyatın əsas məqsədi deyil.

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Amerikanın "MS NOW" nəşrinə müsahibəsində bildirib: "Biz İrandan bu dəqiqə çıxa bilərik, amma düşünmürəm ki, bu, məqbul bir vəziyyət olar. Əgər daha çox qalsaq, onlar heç vaxt bərpa olunmayacaqlar".

Tramp qeyd edib ki, ABŞ bəlkə də İran hökumətinə təsir göstərə bilər, amma əsas məqsəd bu deyil: "Əsas məqsəd onların nüvə silahına sahib olmamasıdır".

Onun sözlərinə görə, ABŞ iyun ayında hücum etməsəydi, İran üç nüvə obyektinə sahib olacaqdı: "Biz o zaman İranın nüvə silahı imkanlarını tamamilə məhv etdik, lakin zənginləşdirilmiş uran qalırdı".