BAKI, 11 mart. TELEQRAF

ABŞ-nin Cənubi Afrikadakı səfiri Leo Brent Bozell bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Teleqraf xəbər verir ki, bu barədə Cənubi Afrikanın xarici işlər naziri Ronald Lamola bildirib.

"ABŞ səfiri qeyri-diplomatik açıqlamalarını izah etmək üçün XİN-ə çağırılıb" - məlumatda qeyd olunur.

Qeyd edək ki, bir gün əvvəl Hermanusda keçirilən konfransda çıxış edən Bozell ABŞ Prezidenti Donald Trampın Cənubi Afrikanın bloklaşmamış ölkəyə çevrilməsini istədiyini bildirib. Səfir qeyd edib ki, təxminən bir il əvvəl ABŞ Cənubi Afrika hökumətinə ikitərəfli münasibətləri yaxşılaşdırmaq üçün yerinə yetirilməli olan beş tələbdən ibarət siyahı göndərib. Bu tələblərə kənd icmalarını zorakılıqdan qorumaq, "Kill the Boer" (Fermeri öldürün) mahnısındakı nifrəti pisləmək, hökumətin müsadirə olunmuş əmlak üçün ödənişlər təyin etməsi, xarici şirkətlərdəki payların yerli sakinlərə ötürülməsi siyasətinə son qoymaq və mədənçilik sahəsində əməkdaşlığı genişləndirmək daxildir.

Səfir bildirib ki, ABŞ hələ də tələblərinə cavab almayıb və bu da iki ölkə arasında münasibətlərdə gərginlik yaradır.

Cənubi Afrikanın parlament partiyası olan İqtisadi Azadlıq Mübarizləri ABŞ səfirinin ölkədən çıxarılmasını tələb edib.

Bozell fevral ayında ABŞ-nin yeni səfiri kimi Cənubi Afrikaya gəlib. O, hələ etimadnaməsini Cənubi Afrika Prezidenti Siril Ramafosaya təqdim etməyib.