BAKI, 7 mart. TELEQRAF
"Finlandiyaya nüvə silahlarının idxalına icazə verilməsi mövcud beynəlxalq təhlükəsizlik arxitekturasını məhv edə, eyni zamanda NATO ilə Rusiya arasındakı qarşıdurmanı praktik mərhələyə keçirə bilər".
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət İdarəçiliyi Akademiyasının Hüquq və Milli Təhlükəsizlik İnstitutunun hərbi eksperti Aleksandr Stepanov TASS-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, Finlandiya ərazisində nüvə silahlarının yerləşdirilməsi Rusiyanın üzləşdiyi təhlükələr fonunda NATO ilə mümkün qarşıdurmanı tam real və praktik ssenariyə çevirə bilər. Bu, nəticə etibarilə beynəlxalq təhlükəsizlik arxitekturasının məhvinə gətirib çıxaracaq.
O əlavə edib ki, Finlandiyada nüvə silahlarının yerləşdirilməsi istiqamətində addımlar əvvəldən görünürdü. İlk mərhələ Helsinkinin 2021-ci ildə təxminən 10 milyard avro dəyərində F-35 Lightning II qırıcı təyyarələri alması, ikinci mərhələ isə ölkənin NATO-ya qoşulması olub.
Ekspert bildirib ki, hazırda Şimali Avropa ölkələrinin, o cümlədən İsveç, Finlandiya və Baltikyanı ölkələrin NATO-nun regional hərbi strukturunun gücləndirilməsində sistemli iştirakının şahidi olunur. Bu proses gələcəkdə nüvə silahları da daxil olmaqla hücum imkanları ilə təchiz olunmuş regional NATO alyansının formalaşmasına gətirib çıxara bilər.