BAKI, 1 mart. TELEQRAF
İranın xarici işlər naziri Abbas Əraqçi Fars körfəzi ölkələrini İslam Respublikasının atdığı addımlara anlayışla yanaşmağa çağırıb.
Teleqraf xəbər verir ki, o, bu barədə "Al Jazeera" telekanalına müsahibəsində danışıb.
O bildirib ki, İran qonşu Körfəz ölkələrinə qarşı hücum etmir və atılan addımlar regiondakı ABŞ hərbi mövcudluğuna yönəlib.
Nazir qeyd edib ki, bəzi Körfəz dövlətləri İranın zərbələrindən narazıdır, lakin Tehranın fikrincə, bu müharibə ölkəyə məcbur edilib. Onun sözlərinə görə, münaqişə ABŞ və İsrailin seçimidir və məhz onlara təzyiq göstərilməlidir.
Əraqçi əlavə edib ki, İran Silahlı Qüvvələrinə region ölkələrindəki hədəflərə zərbələr endirərkən maksimum ehtiyatlı davranmaq tapşırılıb.