BAKI, 1 mart. TELEQRAF

Pakistan Yaxın Şərqdə böhranın yalnız sülh yolu ilə həllinin tərəfdarı olduğunu bildirərək tərəfləri danışıqlara qayıtmağa çağırıb.

Teleqraf xəbər verir ki, bu barədə Pakistanın BMT-dəki daimi nümayəndəsi Asim İftixar Əhməd BMT Təhlükəsizlik Şurasının ABŞ və İsrailin İrana endirdiyi zərbələrlə bağlı keçirilən fövqəladə iclasında çıxış edərkən deyib.

Diplomat bildirib ki, Pakistan bütün tərəfləri dərhal eskalasiyanı dayandırmağa və böhranın sülh yolu ilə, qarşılıqlı razılaşma əsasında həlli məqsədilə diplomatik prosesləri təcili şəkildə bərpa etməyə çağırır.

Asim İftixar Əhməd vurğulayıb ki, onsuz da gərginlik içində olan regionda tərəflərin hüquq və öhdəliklərinə uyğun şəkildə dialoq prinsiplərinə sadiq qalmaq vacibdir.

Onun sözlərinə görə, Pakistan mübahisələrin həllində daim sülh üsullarına üstünlük verib və qarşıdurmadan yayınmağın vacibliyini hesab edir.