BAKI, 27 fevral. TELEQRAF

ABŞ Dövlət Departamenti Meksikanın “Sinaloa” narkokartelinin rəhbərlərinin tutulmasına kömək edəcək məlumat üçün 10 milyon dollar məbləğində mükafat elan edib.

Teleqraf xəbər verir ki, söhbət Rene Arsatə Qarsiya (“Qurbağa” ləqəbli) və onun qardaşı Alfonso Arsatə Qarsiyadan (“Axilles” kimi tanınır) gedir. ABŞ rəsmiləri bildirir ki, qardaşlar təxminən 15 ildir cinayətkar təşkilatın bölmələrindən birinə rəhbərlik edir və narkotik vasitələrin, o cümlədən fentanilin ABŞ ərazisinə qaçaqmalçılığını təşkil edirlər.

Qeyd olunub ki, 2014-cü ildə ABŞ hakimiyyəti qardaşlara qarşı qiyabi ittiham irəli sürüb, 2023-cü ildə isə Maliyyə Nazirliyi onları narkotik ticarəti ilə əlaqədar sanksiya siyahısına daxil edib. Rene Arsatə Qarsiya xarici terror təşkilatının fəaliyyətinə dəstək, metamfetamin, kokain, fentanil və marixuananın qaçaqmalçılığı, eləcə də çirkli pulların yuyulması ittihamları ilə üzləşir.

Xatırladaq ki, ötən ilin fevralında ABŞ administrasiyası səkkiz narkokarteli xarici terror təşkilatı kimi tanıyıb. Bunlar “Tren de Araqua”, “MS-13”, “Klan del Qolfo”, “Sinaloa”, “Xalisko Yeni Nəsil”, “Unidos”, “Noreste” və “La Nueva Familia Miçoakana” qruplaşmalarıdır.