BAKI, 27 fevral. TELEQRAF
Türkiyədəki Rusiya səfirliyi Fransanın Ankaradakı diplomatik missiyasının Prezidentin mətbuat katibi Dmitri Peskovun bəyanatlarına dair paylaşımını sərt şəkildə tənqid edib.
Teleqraf xəbər verir ki, Fransa səfirliyi "X" sosial şəbəkəsində Rusiya tərəfinin Ukraynada xüsusi hərbi əməliyyatla (XHƏ) bağlı sitatlarına istehzalı münasibət bildirib və paylaşımına kloun emojisi əlavə edib.
Buna cavab olaraq Rusiya səfirliyi "X" platformasında fransız və türk dillərində bəyanat yayıb. Bildirilib ki, “məşhur fransız diplomatiyasından sosial şəbəkələrdə yazılan acınacaqlı və kədərli paylaşımlardan başqa bir şey qalmayıb”. Bəyanatda həmçinin qeyd olunub ki, Paris 2014-cü ildən etibarən Kiyevdə “nasist rejimini” dəstəkləyən əsas sponsorlardan biridir.
Səfirlik əlavə edib ki, Fransa hökuməti hələ də “1812-ci ilin kölgələrinin təsiri altında” ola bilər.
Daha əvvəl Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) mətbuat bürosu Böyük Britaniya və Fransanın Ukraynaya nüvə silahı və ya onun yaradılması üçün texnologiyaların ötürülməsi istiqamətində fəal işlədiyi barədə məlumat yayıb. Qurumun iddiasına görə, söhbət Avropa istehsalı olan komponent və texnologiyaların gizli şəkildə ötürülməsindən gedir. Variantlardan biri kimi Fransanın M51.1 sualtı qayıq ballistik raketi üçün nəzərdə tutulmuş TN75 tipli kiçik ölçülü döyüş başlığının adı çəkilib.
Bu məlumatları şərh edən Dmitri Peskov London və Parisin Kiyevə müvafiq silah və ya texnologiya ötürmək cəhdlərini “ağılsızlıq həddinə çatan addım” adlandırıb. O bildirib ki, Rusiya Böyük Britaniya və Fransa ictimaiyyətinin, eləcə də parlament üzvlərinin SVR-in açıqlamalarına diqqət yetirəcəyinə ümid edir.