BAKI, 27 fevral. TELEQRAF

İsrail Ordusu Qəzza zolağının şimalında hərbçilər üçün təhlükə yaradan silahlı radikallar qrupunun zərərsizləşdirildiyini bildirib.

Teleqraf xəbər verir ki, məlumata görə, İsrail Müdafiə Ordusunun (SAXAL) bölmələri Qəzza zolağının şimal hissəsində əməliyyat apararkən “sarı xətt” adlandırılan ərazi yaxınlığında hərbçilərə doğru yaxınlaşan bir neçə silahlı şəxsi aşkarlayıb. Ordunun açıqlamasında həmin şəxslərin hərbçilər üçün birbaşa təhlükə yaratdığı qeyd olunub.

Bildirilib ki, silahlıların müəyyən edilməsindən sonra İsrail Hərbi Hava Qüvvələri tərəfindən zərbə endirilib və onlardan bir neçəsi məhv edilib. Məqsədin mövcud təhlükənin aradan qaldırılması olduğu vurğulanıb.

Mətbuat xidmətindən həmçinin qeyd edilib ki, İsrail bölmələri Qəzza zolağında atəşkəs razılaşmasına uyğun şəkildə yerləşdirilib və hərbçilər üçün hər hansı birbaşa təhlükə yaranacağı təqdirdə əməliyyatları davam etdirəcəklər.