BAKI, 27 fevral. TELEQRAF

Ukrayna Prezidenti Vladimir Zelenski martın əvvəlində üçtərəfli danışıqların yeni mərhələsinin keçiriləcəyinə ümid etdiyini açıqlayıb.

Teleqraf xəbər verir ki, Zelenskinin sözlərinə görə, fevralın 26-da Amerika tərəfi ilə aparılan məsləhətləşmələr növbəti üçtərəfli format üzrə daha böyük hazırlığın olduğunu göstərib. O bildirib ki, növbəti görüşün Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsi ehtimalı yüksəkdir və görüşün martın əvvəlində baş tutacağı gözlənilir.

Ukrayna lideri qeyd edib ki, əsas məqsəd əldə olunan razılaşmaların real təhlükəsizlik təminatları baxımından təkmilləşdirilməsi və liderlər səviyyəsində mümkün görüşə hazırlıqdır.

Xatırladaq ki, Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətlərinin son danışıqları fevralın 17-18-də Cenevrədə keçirilib. Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski danışıqları çətin, lakin işgüzar kimi xarakterizə edib.

Üçtərəfli təhlükəsizlik məsləhətləşmələrinin ilk raundu yanvarın 23-24-də, ikinci raund isə fevralın 4-5-də Əbu-Dabidə baş tutub.