BAKI, 27 fevral. TELEQRAF

Qazaxıstanın Akmola vilayətində yerləşən Şuçinsk şəhərində kafedə baş verən qaz partlayışı nəticəsində altı nəfər həlak olub, 20-yə yaxın şəxs xəsarət alıb.

Teleqraf xəbər verir ki, bu barədə regional Fövqəladə Hallar Departamenti məlumat yayıb.

Bildirilib ki, Burabay rayonunun Şuçinsk şəhərində beşmərtəbəli yaşayış binasına bitişik bir mərtəbəli kafedə qaz-hava qarışığının partlayışı baş verib və sonradan yanğın başlayıb.

Məlumata görə, hadisə yerindən 10-dan çox şəxs xilas edilib. Yanğın artıq söndürülüb, hazırda dağıntıların təmizlənməsi işləri aparılır. Hadisənin başvermə səbəbləri araşdırılır.