BAKI, 22 fevral. TELEQRAF

Almaniyanın ən böyük aviaşirkəti "Lufthansa"nın 120-dən çox sərnişini güclü qar yağışı səbəbindən Münhen hava limanında gecəni təyyarədə keçirməyə məcbur qalıb.

Teleqraf xəbər verir ki, bu barədə "One Mile at a Time" jurnalı məlumat yayıb.

Məlumata görə, hadisə fevralın 19-da baş verib. Münhendən Kopenhagenə saat 21:30-da planlaşdırılan reys güclü qar yağışı səbəbilə ləğv olunub. Həmin vaxt sərnişinlər artıq təyyarənin göyərtəsində olublar. Avtobus olmadığı üçün onların terminala qaytarılması mümkün olmayıb.

Təxminən saat 04:00 radələrində ekipaj sərnişinlərə Münhen Beynəlxalq Hava Limanının bağlandığını və avtobus sürücülərinin evə getdiyini bildirib. Bu səbəbdən sərnişinlərə təyyarəni tərk etməyə icazə verilməyib və onlar səhərə qədər göyərtədə qalıblar. Təyyarədə yorğan-döşək olmayıb, qida və içkilər isə məhdud olub.

Səhər saatlarında sərnişinlər terminala aparılıb və onların biletləri Kopenhagenə digər reyslərə dəyişdirilib. İlk qrup saat 06:40-da uçmalı olan reysə yerləşdirilib, lakin həmin uçuş da təxminən bir saat gecikib.

Qeyd edək ki, fevralın 20-də DPA agentliyi Münhen hava limanında güclü qar səbəbindən onlarla reysin ləğv edildiyini bildirmişdi. Cümə axşamı 100, cümə günü səhər isə daha 50 reys həyata keçirilməyib.