BAKI, 14 fevral. TELEQRAF
Almaniyanın müdafiə naziri Boris Pistorius ABŞ administrasiyasını beynəlxalq nizamda "birtərəfli hərəkətlər" etməkdə günahlandırıb.
Teleqraf xəbər verir ki, Pistorius 62-ci Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən "Xəttin qorunması: Avropanı müdafiə etmək və Ukraynanı dəstəkləmək" adlı paneldə transatlantik təhlükəsizliyin gələcəyini qiymətləndirib.
ABŞ dövlət katibi Marko Rubionun mövcud beynəlxalq nizamın disfunksiyalı olması ilə bağlı tənqidlərinə cavab olaraq Pistorius institusional islahatlara ehtiyac olduğunu etiraf edib: "Problemlərin həlli təkbaşına hərəkət etməkdə deyil. Beynəlxalq təşkilatlarımızın böhran və münaqişələrin həllində qeyri-kafi olduğu bir həqiqətdir. Lakin həll yolu tək bir böyük gücün hərəkət etməsi ola bilməz. Bu metod qısa müddətdə nəticə verə bilsə də, rəqabət aparan böyük güclərin sayının artdığı bir dünyada uzunmüddətli perspektivdə əlbəttə ki, işə yaramayacaq" .
Boris Pistorius qeyd edib ki, davamlı sülh və təhlükəsizliyə yalnız beynəlxalq təşkilatları gücləndirməklə nail olmaq olar.
Pistorius çıxışında Vaşinqtonun Qrenlandiya ilə bağlı iddialarına və Avropanı danışıqlardan kənarlaşdırmaq cəhdlərinə toxunaraq, NATO üzvünün ərazi bütövlüyünü və suverenliyini şübhə altına almağın müttəfiqlik ruhuna zərər verdiyini deyib: "Bu cür yanaşmalar rəqiblərimizin əlini gücləndirərkən müttəfiqlik strukturumuzu zəiflədir. Avropa öz təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımalıdır. NATO-nun transatlantik xarakterini qorumaq üçün daha çox Avropa kimliyini qəbul etməlidir".