BAKI, 11 fevral. TELEQRAF
Avropada yüksək və dəyişkən elektrik enerjisi qiymətləri qazıntı yanacaqlarının istifadəsi ilə əlaqələndirilir.
Teleqraf xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) Prezidenti Ursula fon der Leyen Strasburqda Avropa Parlamentinin (AP) plenar iclasında çıxışı zamanı bildirib.
"Qiymətlər çox yüksək və çox dəyişkən olaraq qalır. Bu, qarşılıqlı əlaqələrin və şəbəkələrin olmaması, eləcə də qazıntı yanacaqlarından asılılığımızla bağlıdır", - deyə AK rəhbəri qeyd edib.
Komissiya rəhbəri vurğulayıb ki, 2025-ci ildə qazdan istehsal olunan elektrik enerjisinin qiyməti orta hesabla meqavat-saat üçün 100 avrodan çox olub, günəş və nüvə enerjisindən əldə olunan elektrik enerjisinin qiyməti isə müvafiq olaraq 50-60 avrodur.
Ötən ilin dekabrında Avropa İttifaqı Şurası və Parlamenti Rusiya təbii qazının idxalının mərhələli şəkildə dayandırılması ilə bağlı ilkin qərar qəbul edib . Qaydalara əsasən, Rusiyadan mayeləşdirilmiş təbii qaz və boru kəməri qazının idxalına mərhələli şəkildə qadağa qoyulur və tam qadağanın müvafiq olaraq 2026-cı ilin sonlarında qüvvəyə minməsi gözlənilir.