BAKI, 4 fevral. TELEQRAF

ABŞ Afrikadakı qüvvələr komandanlığının rəhbəri, general Daqvin Anderson Nigeriyaya kiçik bir ABŞ hərbi birliyinin göndərildiyini açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumatı yayıb.

Bildirilir ki, missiyanın dəqiq sayı və miqyası açıqlanmayıb.

Bu, iki ölkənin Qərbi Afrikada terrorizmə qarşı əməkdaşlığını gücləndirməsi çərçivəsində Nigeriyada ABŞ hərbi mövcudluğunun ilk rəsmi təsdiqi oldu. General Anderson bildirib ki, göndərilən kiçik ABŞ komandası ölkəyə unikal imkanlar təqdim edir.

2025-ci ilin dekabrından etibarən Nigeriya və ABŞ hərbi qüvvələri Nigeriyanın Sokoto, Zamfara, Niger və Katsina ştatlarında ekstremist hədəflərə bir neçə birgə zərbə endirərək hazırlanan terror aktlarını önləyiblər.