BAKI, 28 yanvar. TELEQRAF

Polşanın silahlı qüvvələri hazırda müasir, xüsusilə hibrid xarakterli hərbi münaqişələrə tam hazır deyil.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin "The Washington Post" qəzeti Polşanın müdafiə nazirinin müavini Pavel Zalyevskinin açıqlamalarına istinadən məlumat yayıb.

Zalyevski bildirib ki, Polşa uzun müddət əsasən ənənəvi müharibə ssenarilərinə hazırlaşıb. Onun sözlərinə görə, müasir münaqişələrdə isə daha ucuz və çevik vasitələr, xüsusilə pilotsuz uçuş aparatları döyüş meydanında az təsirli olmayan nəticələr verə bilər.

Nazir müavini qeyd edib ki, texnologiyaların sürətli inkişafı müharibə anlayışını dəyişir və bu, orduların hazırlıq konsepsiyasına yenidən baxılmasını zəruri edir. O vurğulayıb ki, hibrid münaqişələrdə klassik silah sistemləri ilə yanaşı, dronlar, kiber vasitələr və digər qeyri-ənənəvi üsullar mühüm rol oynayır.