BAKI, 28 yanvar. TELEQRAF

Kanadanın baş naziri Mark Karni ABŞ prezidenti Donald Trampla söhbətində Vaşinqtonun xarici siyasətinə yönəlik tənqidlərindən imtina etmədiyini bəyan edib.

Teleqraf xəbər verir ki, Karni bu açıqlamanı jurnalistlərlə söhbətində ABŞ-nin maliyyə naziri Skott Bessentin səsləndirdiyi fikirlərə münasibət bildirərkən verib. O vurğulayıb ki, Davosda səsləndirdiyi mövqeyindən geri çəkilməyib və bu barədə Trampa da açıq şəkildə məlumat verib.

Kanada hökumət başçısının sözlərinə görə, Tramp ilə telefon danışığında yalnız bir mövzu deyil, daha geniş məsələlər spektri müzakirə olunub. Karni qeyd edib ki, Kanada ABŞ-nin yeni ticarət siyasətində baş verən dəyişiklikləri ilk anlayan ölkələrdən biri olub və Ottava bu prosesə müsbət yanaşaraq xaricdə yeni tərəfdaşlıqlar qurur.

Baş nazir həmçinin bildirib ki, telefon danışığı Trampın təşəbbüsü ilə baş tutub və söhbət konstruktiv atmosferdə keçib. Görüş zamanı Ukraynadakı vəziyyət, Venesuela məsələsi və Arktikada təhlükəsizlik kimi mövzulara da toxunulub, lakin Karni təfərrüatları açıqlamayıb.

Xatırladaq ki, Karni yanvarın 20-də İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda çıxışı zamanı kollektiv Qərb anlayışının və qaydalara əsaslanan dünya nizamının artıq keçmişdə qaldığını bildirmişdi. Onun sözlərinə görə, ABŞ ilə bəzi müttəfiqləri arasında yaranmış boşluq sadəcə uyğunlaşma deyil, mövcud reallıqlara dürüst baxış tələb edir. Karni qeyd edib ki, köhnə beynəlxalq nizam geri qayıtmayacaq və ABŞ-nin mövqeyi faktiki olaraq hegemon xarakter daşıyır.

Buna cavab olaraq, Tramp yanvarın 21-də Dünya İqtisadi Forumundakı çıxışında Karniyə minnətdarlıq göstərməməkdə irad tutmuş, Kanadanın ABŞ sayəsində mövcud olduğunu iddia etmişdi.