BAKI, 28 yanvar. TELEQRAF

Rusiya prezidenti Vladimir Putin Suriya Ərəb Respublikasının keçid dövrü üzrə prezidenti Əhməd əl-Şaraa ilə görüşəcək. Suriya lideri Rusiyaya işgüzar səfər çərçivəsində gəlir.

Teleqraf xəbər verir ki, Kremlin mətbuat xidmətinin məlumatına görə, görüşdə iki ölkə arasında müxtəlif sahələrdə ikitərəfli əlaqələrin mövcud vəziyyəti və inkişaf perspektivləri, eləcə də Yaxın Şərq regionundakı cari durum müzakirə olunacaq.

Bu səfər Əhməd əl-Şaraa üçün hazırkı statusunda Rusiyaya ikinci gəlişdir. O, bundan əvvəl ötən ilin oktyabr ayının ortalarında Moskvada Vladimir Putinlə danışıqlar aparmışdı.

Görüş həmçinin Əhməd əl-Şaraanın Suriya prezidenti vəzifəsinə başlamasının ildönümü ərəfəsində keçiriləcək. O, 2024-cü ilin dekabrında Dəməşqdə hakimiyyət dəyişikliyindən sonra 29 yanvar 2025-ci ildə vəzifəsinin icrasına başlayıb.

Ötən səfər zamanı Vladimir Putin Moskvanın Dəməşqlə münasibətlərində daim Suriya xalqının maraqlarını rəhbər tutduğunu vurğulamışdı. Əhməd əl-Şaraa isə Rusiya–Suriya münasibətlərinin yenidən formatlaşdırılmasına və Rusiyanın “yeni Suriya” ilə tanış olmasına maraq göstərdiyini bildirmişdi. O, iki ölkəni tarixi əlaqələrin və ciddi əməkdaşlıq körpülərinin bağladığını, Rusiyanın Suriyada siyasi transformasiya prosesində mühüm rol oynadığını qeyd etmişdi.

Həmin danışıqlar 2,5 saat davam etmiş və işgüzar səhər yeməyi formatında başa çatmışdı.

Rusiya və Suriya arasında əməkdaşlıq ötən əsrin 1950-ci illərindən mövcuddur və bu əlaqələr xüsusilə hərbi sahəni əhatə edir. Hazırda Rusiyanın Suriyada iki hərbi obyekti fəaliyyət göstərir. Bunlar Tartus liman şəhərində yerləşən Rusiya Hərbi Dəniz Qüvvələrinin maddi-texniki təminat məntəqəsi və Latakiya vilayətinin Cəblə şəhəri yaxınlığında yerləşən Hmeymim aviabazasıdır. Bu obyektlər humanitar yardımların çatdırılmasında da istifadə olunub.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, əvvəlki səfər zamanı hərbi bazalarla bağlı məsələ də iki ölkə liderləri arasında müzakirə edilən mövzulardan biri olub.