BAKI, 28 yanvar. TELEQRAF
İraq və digər regional, eləcə də beynəlxalq vasitəçilər İran və ABŞ nümayəndələri arasında dialoqu bərpa etmək, gərginliyin daha da artmasının qarşısını almaq üçün səylərini gücləndiriblər.
Teleqraf xəbər verir ki, bu barədə İraqın xəbər portalı "Baghdad Today" məlumat yayıb.
Portalın İranın xarici siyasət qurumlarındakı mənbələrinə istinadən bildirdiyinə görə, Tehranla Vaşinqton arasında artan gərginliyi cilovlamaq və danışıqları yenidən başlatmaq məqsədilə pərdəarxası intensiv diplomatik manevrlər aparılır. Bununla belə, eyni mənbələr qeyd ediblər ki, bu səylər hələlik nəzərəçarpacaq nəticə verməyib.
"Baghdad Today"in yazdığına görə, həm birbaşa, həm də regional və beynəlxalq vasitəçilər üzərindən əlaqə kanalları açıq qalır. Lakin tərəflərin mövqeləri arasında ciddi fərqlər mövcuddur ki, bu da hazırkı mərhələdə razılaşmaların əldə olunması ehtimalını azaldır. Portalın mənbələri bildiriblər ki, yaxın günlər vasitəçilərin real danışıqlar üçün “pəncərə” aça bilib-bilmədiyini və ya təşəbbüslərin xoş niyyətlər və nəticəsiz cəhdlərlə məhdudlaşıb-qalmayacağını müəyyən edəcək.
Xatırladaq ki, bundan əvvəl İranın xarici işlər naziri Abbas Əraqçi açıqlamasında ABŞ-nin İrandan zənginləşdirilmiş uran ehtiyatlarından tam imtina etməyi, raket proqramına ciddi məhdudiyyətlər qoymağı və Tehranın regiondakı müttəfiqlərinə verdiyi dəstəyi əhəmiyyətli dərəcədə azaltmağı tələb etdiyini bildirib. İran XİN rəhbəri bu tələblərin müzakirə mövzusu olmadığını vurğulayıb və İslam Respublikasının suverenliyinə və müdafiə qabiliyyətinə xələl gətirən heç bir razılaşmanı qəbul etməyəcəyini bəyan edib.