BAKI, 25 yanvar. TELEQRAF

Fransa Prezidenti Emmanuel Makron sentyabr ayınadək 15 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsini qadağan edən qanunun qəbulunu sürətləndirmək niyyətində olduqlarını bildirib.

Teleqraf xəbər verir ki, bu barədə "Euronews" yazır.

Bildirilir ki, təşəbbüsün əsas məqsədi uşaqları və yeniyetmələri rəqəmsal platformaların zərərli təsirindən qorumaqdır. Bu qərar Böyük Britaniya hökumətinin də yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə məhdudiyyətlərin tətbiqini nəzərdən keçirdiyini açıqlamasından bir neçə gün sonra səsləndirilib.

Məlumata görə, ölkədə hər iki yeniyetmədən biri gündə 2-5 saatını telefonda keçirir. 12-17 yaş arası gənclərin təxminən 90%-i internetdən hər gün smartfon vasitəsilə istifadə edir, 58%-i isə sosial şəbəkələrdə aktivdir.

Emmanuel Makron qeyd edib ki, qadağa həm 15 yaşdan kiçiklər üçün sosial şəbəkələrə, həm də orta məktəblərdə mobil telefonların istifadəsinə şamil olunacaq.

Qanun layihəsi yanvarın 26-da Fransa Milli Assambleyasında birinci oxunuşda müzakirəyə çıxarılacaq.