BAKI, 24 yanvar. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın Davosda keçirilən Dünya İqtisadi Forumunda Avropa ölkələrinə ünvanladığı tənqidlər Avropanın özünü yavaş-yavaş məhv etməsi ilə bağlıdır.
Teleqraf xəbər verir ki, bu barədə Ağ Evin aparat rəhbərinin müavini Stiven Miller "Fox News" telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Trampın Davosdakı çıxışı zamanı Avropa ilə bağlı səsləndirdiyi fikirlər Amerika prezidentləri tərəfindən bu qitə haqqında indiyədək verilmiş ən mühüm bəyanatlardan biri olub. Miller vurğulayıb ki, Avropa sərt tənzimləmələr vasitəsilə öz enerji sektorunu boğur, effektiv olmayan yaşıl enerjiyə və digər ölkələrdən asılılığa sürüklənir.
Ağ Ev rəsmisi həmçinin bildirib ki, Avropa məsuliyyətsiz miqrasiya siyasəti ilə özünə zərər vurur. Onun sözlərinə görə, Avropa ölkələri uzun illərdir öz silahlı qüvvələrinə kifayət qədər sərmayə yatırmır və müdafiə xərclərinin böyük hissəsini ABŞ-nin subsidiyalaşdırmasına arxalanır.