BAKI, 15 yanvar. TELEQRAF

Livanda İsrailin Mossad kəşfiyyat agentliyinə casusluq etməkdə ittiham olunan dörd nəfərə qarşı ittiham irəli sürülüb.

Teleqraf xəbər verir ki, bu barədə "France-Presse" agentliyi məlumat yayıb.

Onlar Mossadın Livandakı gizli əməliyyatlarına dəstək verməkdə ittiham olunurlar.

Livan hakimiyyəti hesab edir ki, ötən ay təqaüddə olan təhlükəsizlik zabiti Əhməd Şukrinin yoxa çıxmasının arxasında Mossad dayanır.

Xatırladaq ki, 1986-cı ildə İsrail Hərbi Hava Qüvvələrinin şturmanı Ron Aradı qaçırmaqda şübhəli bilinən Həsən Şükri 1988-ci ildə Livanın şərqindəki Bekaa bölgəsində yoxa çıxıb. Ötən ay isə onun qardaşı Əhməd Şükri yoxa çıxıb.

Bildirilir ki, saxlanılan şəxslər Livanda pul müqabilində Mossada işləməkdə və eləcə də Əhməd Şükrini qaçırmaqda ittiham olunurlar.

Rəsmi məlumata görə, onlar arasında livanlı qadın, Livan əsilli Fransa vətəndaşı və Suriya əsilli İsveç vətəndaşı var.

1975-1990-cı illər vətəndaş müharibəsi zamanı təyyarəsi Livanın cənubunda qəzaya uğrayan israilli pilot Ron Aradın hazırda öldüyü ehtimal edilir və onun qalıqları heç vaxt tapılmayıb.