BAKI, 3 yanvar. TELEQRAF

İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei ölkədə baş verən son etirazlarla bağlı açıqlama verib.

Teleqraf xəbər verir ki, bu barədə "Tasnim" agentliyi yazıb.

Xamenei bildirib ki, etiraz etmək legitimdir, lakin iğtişaş və zorakılıq yolverilməzdir. Onun sözlərinə görə, bazar və ticarət təbəqəsi İslam Respublikasına sadiq təbəqələrdən biridir və bəzi qruplar bu təbəqənin etirazlarından sui-istifadə edərək ölkədə qarışıqlıq yaratmağa çalışır.

Ali Rəhbər milli valyutanın kəskin ucuzlaşmasını və məzənnə sabitliyinin pozulmasını düşmənlərin işi adlandırıb və bildirib ki, hökumət bu problemi aradan qaldırmaq üçün tədbirlər görür. Onun sözlərinə görə, iqtisadi çətinliklərə etiraz başa düşüləndir, lakin etirazla iğtişaş arasında fərq var.

“Biz etiraz edənlərlə danışırıq, amma iğtişaş törədənlərlə danışmağın mənası yoxdur. Onlar yerində oturdulmalıdır”, - deyə Xamenei vurğulayıb.

O, həmçinin yumşaq müharibənin məqsədinin xalqı ruhdan salmaq və ölkənin imkanlarını kiçiltmək olduğunu bildirib. Xamenei İranın kosmos, müdafiə, tibb, biotexnologiya və nanoteknologiya sahələrində əldə etdiyi nailiyyətləri buna nümunə göstərib.