BAKI, 26 dekabr. TELEQRAF
Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Teleqraf İnformasiya Agentliyinin suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Şamil bəy, Azərbaycan-Türkiyə əlaqələrinin hazırkı səviyyəsi dünyada bir örnək kimi nəzərə çarpır. İki qardaş ölkənin bundan sonrakı atacağı birgə addımları necə xarakterizə edərdiniz?
- Cənubi Qafqazda davamlı sülh bərqərar olmalıdır. Biz indi ABŞ-də paraflanan Ermənistan-Azərbaycan arasında sülh sazişinin tələblərinin yerinə yetirilməsini gözləyirik. Bu arada Türkiyənin Ermənistanla münasibətlərlə bağlı müəyyən addımları var. Məsələn, mart ayında Türk Hava Yolları uçuşları bərpa edəcək. Azərbaycan da Ermənistana bir sıra jestlər edir, ölkəyə yük daşınmasına imkan yaradıb, neft verməyə başlayıb, eyni zamanda Ermənistan vətəndaşlarının pasportlarındakı Ağrı dağı simvolları çıxarılmağa başlayıb. Əslində, münasibətlər kifayət qədər yaxşı istiqamətdə inkişaf edir. Təbii ki, kənardan müdaxilə olmadığı halda...
Bizim Türkiyə ilə Azərbaycan arasında ən böyük strateji tərəfdaşlığımızı layihələr vasitəsilə daha da inkişaf etdirməyimiz vacibdir. İki dövlət arasında ən önəmli layihələr enerji sahəsindədir. Həm Azərbaycandan gələn neft və qaz, həm də Türkmənistan və Qazaxıstandan gələn qaz Azərbaycan üzərindən Türkiyəyə çatdırılır. Buradan da Azərbaycan qazı TANAP və TAP vasitəsilə Avropanın 11 ölkəsinə ötürülür. Bu, çox mühüm məsələdir.
Eyni zamanda, Azərbaycana məxsus elektrik enerjisinin Türkiyə vasitəsilə ötürülməsi istiqamətində iki dövlət arasında danışıqlar davam edir. Türkiyə bu məqsədlə mövcud enerji xətlərini inkişaf etdirməyə hazırlaşır. Bu mövzu ilə bağlı Türkiyənin öz daxilində hazırladığı layihələr var.
Bundan əlavə, təhsil sahəsində də iki ölkə arasında mühüm irəliləyişlər var. Bildiyiniz kimi, keçən il Türkiyə-Azərbaycan Universiteti yaradıldı. Azərbaycanda ən yüksək bal toplayan tələbələr oraya qəbul olundular. Bu il universitetin ikinci tədris ilidir və gördüyümüz kimi, yenə də yüksək bal toplayan tələbələrin qəbuluna üstünlük verilir. Təhsil müasir dünyada böyük önəm daşıyır.
Ölkələrimizin münasibətlərində ən mühüm sahələrdən biri də Azərbaycanın neft sektorunun inkişafıdır və bu istiqamətdə Türkiyə mühüm dəstək verir. Bu, olduqca önəmlidir. Çünki Qarabağın inkişafı üçün son beş ildə bölgədə həyata keçirilən böyük investisiyaların əksəriyyəti Azərbaycan tərəfindən öz daxili imkanları hesabına reallaşdırılıb. Yolların salınması, “ağıllı şəhər” layihələri, tunellər, üç hava limanının tikintisi, Ağdamda aparılan bərpa və inkişaf işləri, sənaye layihələri və digər addımlar buna nümunədir.
Bütün bunları nəzərə alsaq, 2026-cı ildən etibarən məcburi köçkünlərin mərhələli şəkildə bu bölgəyə qayıtması lazımdır. Çünki həm nəqliyyat, həm infrastruktur təmin olunub, həm də Qarabağda yaşayan insanlar üçün müasir yaşayış imkanları yaradılıb.
Türkiyə indiyə qədər olduğu kimi, bundan sonra da Azərbaycanın yanında olacaq. Bu, çox vacibdir. Azərbaycan sənayenin, xüsusilə neftdənkənar sektorun inkişafına böyük əhəmiyyət verir və Türkiyə də bu yanaşmanı dəstəkləyir.
- İki ölkə arasında iqtisadi əlaqələrin önəmini ayrıca vurğulamaq lazımdır...
- Tamamilə doğrudur. Yaxın günlərdə Bakıda ikinci İqtisadi Forum keçirildi. Türkiyənin Azərbaycandakı investisiyaları 18 milyard dollar, Azərbaycanın Türkiyədəki investisiyaları isə 21 milyard dollar səviyyəsindədir. İki ölkə arasında ticarət dövriyyəsi hazırda 8-9 milyard dollar civarındadır. Bu rəqəmin 15 milyard dollara çatdırılması üçün hər iki ölkədə müvafiq işlər aparılır. Bu da son dərəcə önəmlidir.
Ticarət əlaqələrinin daha da inkişafı üçün Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınan yüklərin həcminin artırılması vacibdir.
Uyğunlaşma ilə bağlı işlər aparılır. Yəni logistika sahəsində bir sıra kanalların inkişaf etdirilməsi istiqamətində addımlar atılır.
Bildiyiniz kimi, Naxçıvan-İğdır-Qars dəmir yolunun da təməli atılıb və bu layihə hazırda davam edir. Dolayısı ilə Türkiyə Orta Dəhlizin inkişafı üçün nə lazımdırsa, Azərbaycanla birlikdə bunu həyata keçirməyə çalışır.
Burada ən önəmli məqam Türkiyə-Azərbaycan münasibətlərinin Qarabağ müharibəsindən sonra Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksəlməsidir. Bu, digər dövlətlər üçün də çox böyük mənəvi dəstək və nümunədir. Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və digər türk dövlətləri bu modeli örnək almağa başlayıblar. İkili münasibətlər daha da inkişaf edir, qarşılıqlı səfərlər sıxlaşır.
- Şamil bəy, Türk Dövlətləri Təşkilatının önəmi barədə nə deyərdiz?
- Türk Dövlətləri Təşkilatı qarşıdakı dövrdə bölgədə daha böyük rol oynayacaq. Müstəqil türk dövlətləri həm öz iqtisadiyyatlarını canlandıracaq, həm də bir-biri ilə münasibətlərdə qarşılıqlı dəstəyi gücləndirəcəklər. Müdafiə sənayesi sahəsində də çox önəmli qərarların qəbul olunması, ortaq təşəbbüslərin və layihələrin həyata keçirilməsi gözlənilir.
Türk Dövlətləri Təşkilatı artıq sanki bir millətin yeddi-səkkiz dövlətə yayılmış güc mərkəzinə çevrilmək istiqamətində irəliləyir.
Bu prosesdə Türkiyə və Azərbaycan lokomotiv rolunu oynayır. Bizim yetişmiş insan potensialımız və siyasi təcrübəmiz digər dövlətlər üçün nümunə təşkil edir. İnşallah, bu istiqamətdə hər şey planlaşdırıldığı kimi davam edəcək.
Təbii ki, Türkiyənin yerləşdiyi bölgə kifayət qədər həssas və mürəkkəbdir. Suriyadakı, İraqdakı vəziyyət, Şərqi Aralıq dənizi və Kipr məsələlərinə baxdıqda, bütün bu prosesləri pozmağa çalışan xarici güclərin olduğu da aydın görünür. Lakin qarşıdakı dövrdə Türkiyə ilə Azərbaycanın ağıllı və möhkəm həmrəyliyi sayəsində bu çətinliklərin aşılacağına inanırıq.
Biz gələcəyə ümidlə baxmaq istəyirik. Bu fürsətdən istifadə edərək, gələn ilin hər iki ölkə və bütövlükdə türk dünyası üçün uğurlu olmasını arzulayıram. Sağlam, bərəkətli, qəzadan-bəladan uzaq, göz yaşı axıdılmayan bir il olmasını diləyirəm.
- Türkiyə Ermənistan sərhədlərinin açılması və yaxud Ermənistan ərazisində Türkiyəyə məxsus yüklərin daşınması ilə bağlı gözləntilər varmı?
- Türkiyə tərəfindən sərhədlərin açılması ilə bağlı bütün hazırlıqlar ən xırda detallara qədər görülür. Türkiyə olaraq sərhədləri açmağımız üçün Azərbaycanla Ermənistan arasında heç bir problemin qalmaması əsas şərtdir. Bu məsələdə ölkə olaraq Azərbaycanın yanındayıq. Azərbaycan “sərhədlər açıla bilər” dediyi anda biz də sərhədləri açarıq. Hazırda bütün işlər bu istiqamətdə aparılır.