BAKI, 13 dekabr. TELEQRAF

Ermənistan Baş naziri Nikol Paşinyan Erməni Apostol Kilsəsinin rəhbəri Katolikos ll Qareginin özünün qəbul etdiyi nizamnaməni pozduğunu bildirib.

Teleqraf xəbər verir ki, bu barədə Nikol Paşinyan sosial media hesabında paylaşım edib.

Onun sözlərinə görə, Ktriç Nersisyanın ( II Qaregin) vəzifədən kənarlaşdırılmasından sonra kilsənin yenilənməsi ilə bağlı təqdim etdiyi yol xəritəsinin ikinci bəndi Erməni Apostol Kilsəsinin kanonlar məcəlləsinin qəbulunu nəzərdə tutur:

"2011-ci ilin noyabrında Erməni Apostol Kilsəsinin nizamnaməsi Ermənistan Ədliyyə Nazirliyində qeydiyyata alınıb və sənəddə yaxın gələcəkdə tam kanon məcəlləsinin hazırlanacağı bildirilib. Lakin Ktriç Nersisyanın katolikos statusu almasının üzərindən 12 il keçməsinə baxmayaraq, bu sənəd hələ də qəbul olunmayıb".

Baş nazir vurğulayıb ki, bu vəziyyət kilsədə real durumun göstəricisidir və məqsədli şəkildə yaradılıb ki, fəaliyyət aydın və şəffaf qaydalarla tənzimlənməsin:

"Ktriç Nersisyanın istefasından və müvəqqəti rəhbərin seçilməsindən dərhal sonra yeni kanon məcəlləsinin hazırlanması və qəbul edilməsi vacibdir. Bu sənəddə kilsənin fəaliyyətini tənzimləyən qaydalar həm ruhanilər, həm də cəmiyyət üçün açıq və anlaşılan olmalıdır".