BAKI, 12 dekabr. TELEQRAF
Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamenti Prezident Rəcəb Tayyib Ərdoğanın Aşqabadda keçirilən Beynəlxalq Sülh və Təhlükəsizlik Forumundakı təmasları çərçivəsində Pakistanın Baş naziri Şahbaz Şərif ilə görüşünün detallarını açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə qurumun "X" platformasında məlumat verilib.
"Cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğan Beynəlxalq Sülh və Təhlükəsizlik Forumu üçün səfərdə olduğu Türkmənistanda Pakistanın Baş naziri Şahbaz Şərifi qəbul edib. Görüşdə Türkiyə ilə Pakistan arasındakı ikitərəfli münasibətlər, regional və qlobal məsələlər müzakirə olunub.
Prezident Ərdoğan görüş zamanı Türkiyə ilə Pakistan arasındakı yaxşı münasibətləri daha da inkişaf etdirmək üçün çalışdıqlarını, qarşıdakı dövrdə atılacaq addımlarla iki ölkə arasında enerji, ticarət, sərmayə və digər sahələrdə əməkdaşlığın artırılması üçün səylər göstərəcəklərini bildirib.
Cənab Prezidentimiz Pakistan ilə Əfqanıstan arasında atəşkəsin uzadılmasının məmnuniyyət doğurduğunu, qarşıdurmasızlığın davam etdirilməsi üçün yaradılan mexanizmə Türkiyənin də töhfə verməyə hazır olduğunu qeyd edib", - paylaşımda bildirilib.