BAKI, 12 dekabr. TELEQRAF
ABŞ prezidentinin sərhəd üzrə müşaviri Tom Homan “Newsmax”a açıqlamasında Konqres üzvü İlhan Omarın immiqrasiya fırıldağında iştirak edib-etməməsi ilə bağlı araşdırmanın başladıldığını bildirib.
Teleqraf xəbər verir ki, Homan deyib ki, məsələ ilə bağlı sənədlərin yenidən qaldırılması tapşırılıb:
“Fırıldıq üzrə müfəttiş mənə məlumat verdi. Sənədlərə baxılması prosesinə başlayırıq. Bu məsələ ilk dəfə gündəmə gələndə müddət məhdudiyyəti problem yaratmışdı. İndi sənədlər araşdırılır və bu həftə məsələni diqqətdə saxlayacağıq.”
Xatırladaq ki, Prezident Donald Tramp uzun müddətdir iddia edir ki, Omar ABŞ-yə daxil olmaq üçün qardaşı ilə evlənib. Omar isə bu iddianı dəfələrlə rədd edib. O, Somali vətəndaşı kimi müharibədən qaçaraq ailəsi ilə birlikdə Keniyada qaçqın düşərgəsində yaşayıb və 1995-ci ildə ABŞ-də sığınacaq alıb. 2000-ci ildə 17 yaşında ABŞ vətəndaşı olub.
Tramp son çıxışında Omarı hədəf alaraq təhqiramiz ifadələr işlədib və yenidən onun guya qardaşı ilə nikaha girdiyini iddia edib. Omar isə "X" platformasında cavab verərək bildirib:
“Trampın mənə olan bu qəribə obsesiyası xəstəlik səviyyəsindədir. İqtisadi siyasəti olmadığı üçün yenə irqçi yalanlara sığınır.”
ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin müşaviri Trişa Maklauqlin “Newsweek”ə açıqlamasında deyib:
“Evlilik yolu ilə immiqrasiya fırıldağına dair bütün iddiaları ciddi şəkildə araşdırırıq. Kimsə bu cür fırıldaq edirsə, ağır cəzalarla üzləşəcək.”
Nazirlik bildirib ki, administrasiyanın sərtləşdirilmiş immiqrasiya siyasəti nəticəsində 20 yanvardan bəri 605 mindən çox deportasiya həyata keçirilib. 2025-ci ildə 1,9 milyon insanın könüllü şəkildə ölkəni tərk etdiyi açıqlanıb.