BAKI, 10 dekabr. TELEQRAF

20 bəndlik sülh planının Ukrayna variantı üzərində iş son mərhələdədir və sənəd tezliklə ABŞ-yə təqdim olunacaq.

Teleqraf "Ukrainskaya Pravda”ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

"Bu gün Ukraynanın müharibədən sonrakı bərpası və iqtisadi inkişafı prosesi Amerika tərəfi ilə müzakirə olunacaq. Paralel olaraq, biz müharibəyə son qoymaq üçün parametrləri müəyyən edə biləcək 20 bəndlik çərçivə sənədini yekunlaşdırırıq və sənədi ABŞ-yə təqdim edəcəyik".

Zelenski qeyd edib ki, o və həmkarları gələcək təhlükəsizliyi təmin etmək və Rusiya təcavüzünün təkrarlanmasının qarşısını almaq üçün çox səmərəli işləyirlər.

O əlavə edib ki, hazırda müzakirə olunan əsas məsələ Rusiyanı qətlləri dayandırmağa məcbur etməklə bağlıdır.

Zelenski vurğulayıb ki, bu həftə müharibənin dayandırılması ilə bağlı yaxşı xəbərlər ola bilər.

"Biz müharibəni bitirmək üçün tərəfdaşlarımızla hər gün əlaqə saxlayırıq. Ukrayna üçün hər şey etibarlı və ləyaqətli olmalıdır", - o əlavə edib.