BAKI, 9 dekabr. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski Prezident Aparatına yeni rəhbər təyin olunması üçün nəzərdən keçirdiyi namizədlərin adlarını açıqlayıb.

Teleqraf xəbər verir ki, o, bu barədə 8 dekabrda keçirdiyi onlayn brifinqdə məlumat verib.

Prezidentin sözlərinə görə, hazırda bu vəzifəyə Ukraynanın müdafiə naziri Denis Şmıqal, Rəqəmsal Transformasiya naziri Mixail Fedorov, Hərbi Kəşfiyyat İdarəsinin (HUR) rəhbəri Kirill Budanov, Prezident Aparatı rəhbərinin müavini Pavel Palisa və Ukraynanın xarici işlər nazirinin müavini Serget Kıslıtsa namizəd ola bilər.

Zelenski bildirib ki, Şmıqal və Fedorovun namizədliyi ilə bağlı əsas çətinlik onların yeni vəzifəyə təyin olunmazdan əvvəl hazırkı postlarından azad edilməsinin vacibliyidir. Prezident bunu “Cenga” oyununa bənzədərək vurğulayıb: “Bir detalı çıxarırsan, bütün konstruksiya dağılır”.

Zelenski həmçinin Fedorovun yerinə Rəqəmsal Transformasiya Nazirliyinə kimin gətirilə biləcəyi barədə hələlik aydınlığın olmadığını deyib. Müdafiə naziri Şmıqal barədə danışan dövlət başçısı bildirib ki, Müdafiə Nazirliyi nömrə birdir və Şmıqalın əvəzlənməsi Rada üçün asan olmayacaq.

Zelenski Palisanı çox yaxşı hərbçi adlandırsa da, onun hələlik PA rəhbərliyi üçün kifayət qədər təcrübəsinin olmadığını qeyd edib.