BAKI, 9 dekabr. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın Venesuela ətrafındakı hava məkanını tam şəkildə bağlı elan etməsindən və regionda hərbi gərginliyin yüksəlməsindən sonra Venesuelada gündəlik həyat normal görünməyə çalışsa da, insanların psixoloji vəziyyəti ciddi şəkildə pisləşib.

Teleqraf CNN-ə istinadən xəbər verir ki, Karakas küçələri bayram işıqları və şənlik musiqiləri ilə dolu olsa da, sakinlər arasında gərginlik, qorxu və yuxusuzluq hökm sürür.

Karakasın qərbində yaşayan və təhlükəsizlik səbəbindən adının Viktoriya kimi çəkilməsini istəyən qadın KİV-ə bildirib ki, ABŞ-Venesuela qarşıdurması fonunda daimi həyəcan və qeyri-müəyyənlik onun həyatını iflic edib:

"Gecələr çox vaxt oyanaraq telefonda xəbərləri yoxlayıram. Yuxuya getmək üçün təbii yuxu dərmanları içirəm. Psixoloji gərginlik fiziki narahatlıqlara da səbəb olub. Sadə insanlar siyasi qarşıdurmanın qurbanıdır. Biz adi vətəndaşlarıq. Bu qarşıdurmada heç nəyimiz yoxdur.”

Klinik psixoloq Yorelis Akosta bildirir ki, gərginlik insanların psixikasına müxtəlif şəkildə təsir edir. Sərhədyanı bölgələrdə qorxu daha güclüdür, sosial şəbəkələrdə həddindən artıq xəbər izləmək panika və yuxusuzluğun əsas səbəblərindən biridir.

O, vətəndaşlara xəbər-kanallarından məhdud müddətdə, etibarlı mənbələr vasitəsilə istifadə etməyi tövsiyə edir.

1 dekabr mitinqində Prezident Nikolas Maduronun tərəfdarları “Müharibəyə yox, sülhə bəli” şüarı ilə yürüş edərək gündəlik həyatın davam etdiyini, ordunun ölkəni tam qoruduğunu bildiriblər.

CNN-in əldə etdiyi məktub və qeydlərə əsasən Karakasda bəzi özəl məktəblər valideynlərdən hər uşağa su, konserv qidalar, dərmanlar, fənərlər olan fövqəladə yardım çantası hazırlamağı tələb edib.

Şirkətlər də hazır vəziyyətdədir. Bir neçə iş adamı deyir ki, ölkənin müxtəlif bölgələrində yolları və təhlükəsizlik vəziyyətini real vaxtda izləyirlər. İşçilərlə təhlükəsizlik xəbərdarlığı məşqləri keçirirlər.