BAKI, 3 dekabr. TELEQRAF
Rusiya xarici işlər naziri Sergey Lavrov Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) hazırkı durumunu “ağır və acınacaqlı” adlandırıb.
Teleqraf xəbər verir ki, nazir “Rossiyskaya qazeta” üçün yazdığı məqalədə xatırladıb ki, 4–5 dekabr tarixlərində ATƏT-in Xarici İşlər Nazirləri Şurasının illik toplantısı Vyanada keçiriləcək və Rusiya ənənəvi olaraq tədbirdə fəal iştirak edir. Lavrov bildirib ki, Helsinkinin Yekun Aktının imzalanmasının 50 illiyi fonunda Rusiya nümayəndə heyəti təşkilatın hazırkı vəziyyətinə xüsusi diqqət ayıracaq.
“Dərhal deyim: vəziyyət acınacaqlıdır”, – Lavrov qeyd edib.
Onun sözlərinə görə, ATƏT 1994-cü ildə yaradılarkən keçmiş Varşava Müqaviləsi üzvlərini, NATO ölkələrini və neytral dövlətləri bir masa arxasında birləşdirib və ən yüksək səviyyədə əsas siyasi öhdəlik – “öz təhlükəsizliyini başqalarının təhlükəsizliyi hesabına gücləndirməmək” – təsbit edilib.
Lavrov vurğulayıb ki, kollektiv Qərb bu öhdəliyi yerinə yetirməyib və Avropa təhlükəsizliyini NATO üzərində qurmağa üstünlük verib. Onun sözlərinə görə, 1990-cı illərin ortalarından başlayaraq NATO-nun genişlənməsi SSRİ rəhbərliyinə verilmiş “genişlənməmə” vədlərinə zidd şəkildə aparılıb. Bu müddətdə NATO və Aİ-nin dəstəyi ilə ATƏT “Vyanadan şərqə doğru” Qərb maraqlarının irəli sürülməsi mexanizminə çevrilib.
Lavrov qeyd edib ki, 1960–1970-ci illərdə başlayan ümumavropa prosesi qarşıdurmanın azaldılması, Avropanın bölünməsinin aradan qaldırılması və iqtisadi əməkdaşlığın genişləndirilməsi məqsədilə qurulmuşdu. “Soyuq müharibə”dən sonra bərabər və bölünməz təhlükəsizlik arxitekturasının formalaşması üçün real imkan yaranmışdı və onun təməli məhz ATƏT ola bilərdi.
ATƏT-in xarici işlər nazirlərinin Şurası hər ilin sonunda keçirilir və təşkilatın əsas idarəedici orqanı sayılır. 2025-ci ildə ATƏT-ə Finlandiya sədrliyi edir. Bu il baş tutacaq iclasda Rusiyanı xarici işlər nazirinin müavini Aleksandr Qruşko təmsil edəcək.