BAKI, 2 dekabr. TELEQRAF

ABŞ-nin Çikaqo şəhərində təxminən son 150 ilin ən sərt qışı ola biləcəyi gözlənilir.

Teleqraf xəbər verir ki, bu barədə "Newsweek" nəşri məlumat yayıb.

Hava mütəxəssislərinin proqnozlarına görə, yaxın günlərdə temperatur -14 dərəcə Farenheytə (təxminən -25°C) qədər enə bilər. Şəhərdə dekabr ayı üzrə orta maksimal temperatur 36,6°F, minimal isə 24,4°F təşkil edir. Lakin növbəti həftələrdə bu göstəricilər tarixi normadan 15-30 dərəcə aşağı ola bilər.

Meteoroloq Ryan Maue bildirib ki, qütb burulğanının zəifləməsi nəticəsində Arktikadan son dərəcə soyuq hava kütlələri ABŞ-nin mərkəzi ştatlarına doğru hərəkət edir. Onun sözlərinə görə, Çikaqoda bu qədər aşağı temperatur sonuncu dəfə 1876-cı ildə qeydə alınıb.

"AccuWeather" şirkətinin uzunmüddətli proqnozlar üzrə mütəxəssisi Paul Pastelok isə bildirib ki, qütb burulğanında baş verən pozuntular yaxın həftələrdə ardıcıl 3 güclü soyuq dalğasına səbəb ola bilər. O, həmçinin bu proseslərə "La Nina" iqlim fenomeninin də təsir etdiyini vurğulayıb.

Mütəxəssislərin proqnozuna əsasən, ən sərt soyuqlar Şimal düzənliklərindən Orta Qərb bölgəsinədək geniş ərazini əhatə edə bilər.