BAKI, 1 dekabr. TELEQRAF

Fransa Prezidenti Emmanuel Makron Parisdə Volodimir Zelenski ilə görüşdən sonra ABŞ Prezidenti ilə Ukraynadakı vəziyyəti müzakirə edib.

Teleqraf xəbər verir ki, bu barədə Yelisey Sarayının məlumatında qeyd olunur.

"Liderlər Ukraynada uzun və sabit sülhün şərtləri və ABŞ-nin vasitəçilik səylərində növbəti addımlar barədə fikir mübadiləsi aparıblar", - məlumatda bildirilir.

Makron Ukrayna üçün lazımi təhlükəsizlik təminatlarının vacibliyini və Fransanın bu məsələdə ABŞ ilə əməkdaşlıq əzmini vurğulayıb.

Bu gün səhər saatlarında isə Makron və Zelenski Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və ukraynalı təmsilçi Rustem Umerovla danışıblar.

ABŞ-nin vasitəçilik səylərini alqışlayan Makron vurğulayıb ki, Vaşinqtonun təklif etdiyi plan avropalılarla birlikdə razılaşdırıla bilər.