BAKI, 28 noyabr. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisinin rəhbəri Andriy Yermak bildirib ki, rəsmi Kiyev sülh naminə ərazi güzəştlərinə getməyəcək.

Teleqraf xəbər verir ki, Yermak bu barədə "The Atlantic" jurnalına müsahibəsində danışıb.

Onun sözlərinə görə, Ukrayna lideri heç vaxt ərazilərdən imtinanı nəzərdə tutan hər hansı sənədi imzalamayacaq.

“Bu gün ağıllı heç bir insan ərazidən imtina haqqında sənədi imzalamaz”, - Yermak vurğulayıb.

O qeyd edib ki, Zelenski hakimiyyətdə qaldığı müddətdə torpaqların təslim edilməsi məsələsi gündəmə gələ bilməz, çünki Ukrayna Konstitusiyası buna yol vermir.

“Heç kim Ukrayna Konstitusiyasına və xalqına qarşı çıxmaq istəmədikcə belə bir qərara gedə bilməz”, - deyə o əlavə edib.

Bununla yanaşı, Yermak Kiyevin yalnız cəbhə xətti üzrə demarkasiyanın müzakirəsinə hazır olduğunu bildirib.