BAKI, 27 noyabr. TELEQRAF

Çinin Kunmin şəhərində qatar tikinti işləri ilə məşğul olan fəhlələri vurub.

Teleqraf xəbər verir ki, bu barədə "finance.sina.cn" informasiya portalı məlumat yayıb.

Məlumata görə, nəticədə 11 nəfər ölüb, 2 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Hadisədən dərhal sonra dəmir yolu xidmətləri fövqəladə hallara dair operativ planı işə salıb və yerli hakimiyyət orqanları ilə birgə xilasetmə işlərinə başlayıb. Hazırda stansiyada nəqliyyatın hərəkəti bərpa olunub, yaralıların müalicəsi və digər zəruri tədbirlər isə planlı şəkildə həyata keçirilir.

Dəmir yolu idarəsi hadisə nəticəsində zərərçəkənlərə və həlak olanların ailələrinə başsağlığı verib. Qurumdan bildirilib ki, hadisədə təqsiri olan şəxslər qanunvericiliyə uyğun şəkildə məsuliyyətə cəlb ediləcək, baş verənlərdən isə dəmir yolu təhlükəsizliyinin artırılması üçün nəticə çıxarılacaq.