BAKI, 27 noyabr. TELEQRAF
Finlandiyada “Lively Sentry 25” adlı genişmiqyaslı hərbi təlimlər noyabrın 27-də başlayacaq.
Teleqraf xəbər verir ki, bu barədə Finlandiya Quru Qoşunlarının mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, təlimlər 4 dekabr 2025-ci ilədək davam edəcək və Şərqi Uusimaa, Kymenlaakso və Pyayat-Hame ərazilərini əhatə edəcək. Manevrlərdə ümumilikdə 6 550 hərbçi iştirak edəcək. Onların təxminən 4 mini çağırışçı, 1,7 mini ehtiyatda olan hərbçilərdir. Təlimlərə həmçinin 900-dən çox hərbi texnika, o cümlədən zirehli maşınlar və tanklar cəlb olunacaq.
Bildirilib ki, əsas diqqət yerli qarnizon qüvvələri və ehtiyat birliklərin iştirakı ilə mümkün hücumların dəf edilməsinə yönəlib. Finlandiya hərbi qurumları vurğulayıb ki, bu təlimlərin məqsədi bölmələrarası qarşılıqlı fəaliyyətin artırılması və Finlandiya Silahlı Qüvvələrinin döyüş hazırlığının qorunub saxlanılmasıdır.