BAKI, 21 noyabr. TELEQRAF
Böyük Britaniya hökuməti ölkədə daimi yaşayış icazəsinin əldə olunması qaydalarını sərtləşdirməyə hazırlaşır.
Teleqraf xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Şabana Mahmud açıqlama yayıb.
Yeni qaydalara əsasən, leqal miqrantların daimi yaşayış icazəsi üçün müraciət etmək hüququ əldə etməsi üçün tələb olunan ölkədə yaşama müddəti iki dəfə artırılaraq 10 ilə çatdırılacaq.
Nazir bildirib ki, son illərdə ölkədə misilsiz miqrasiya səviyyəsi səbəbilə 2026-2030-cu illər arasında 1,6 milyon nəfər daimi yaşayış üçün müraciət edə bilər.
“Yalnız 2028-ci ildə bu rəqəmin 450 minə çatacağı gözlənilir ki, bu da əvvəlki illərin orta göstəricisindən dörd dəfə çoxdur. Bu vəziyyət dəyişməlidir”, - Mahmud vurğulayıb.
Yeni tələblərə görə, daimi yaşayış icazəsi almaq istəyən şəxslər məhkumluğa malik olmamalı, yüksək səviyyədə ingilis dili bilməli, milli sığorta sisteminə mütəmadi ödəniş etməli, borcları olmamalıdır.
Nazirin sözlərinə görə, namizəd bu tələblərə nə qədər uyğun olsa, 10 illik gözləmə müddəti azaldıla bilər. Məsələn, yüksək vergi ödəyənlər və ya “qlobal istedadlar” vizası ilə müraciət edənlərin müddəti 3 ilə qədər endirilə bilər.
Xeyriyyə təşkilatlarında çalışma namizədə üstünlük qazandıracaq. Dövlət müavinətlərindən yararlanmaq isə əksinə, ağırlaşdırıcı amil sayılacaq və gözləmə müddətini 20 ilə qədər artıra bilər. Bu da qeyri-qanuni miqrantlara tətbiq olunan müddətlə eynidir.