BAKI, 14 noyabr. TELEQRAF

ABŞ-nin vitse-prezidenti Cey Di Vens 2026-cı ilin noyabrında keçiriləcək seçkilərdən sonra ölkə prezidenti Donald Tramp ilə özünün mümkün prezidentliyə namizədliyi barədə danışmağa hazır olduğunu açıqlayıb.

Teleqraf xəbər verir ki, o, bunu "Fox News" telekanalına müsahibəsində deyib.

Jurnalistin 2028-ci il prezident seçkilərində iştirak edib-etməyəcəyi barədə sualını cavablandıran Vens bildirib ki, hazırda bütün diqqətini vitse-prezident kimi öhdəliklərini yerinə yetirməyə yönəldib.

“Əlbəttə, seçkilərdən sonra nə olacağı barədə düşünmüşəm. Amma çalışıram ki, bu fikirləri kənara qoyum və özümə xatırladım ki, amerikalılar məni bu vəzifəyə seçiblər və mən işimi düzgün görməliyəm. Əgər gələcəklə bağlı ehtimallara həddindən artıq fokuslansan, hazırkı işi pis yerinə yetirərsən,” - Vens açıqlayıb.

ABŞ-də aralıq seçkilər 3 noyabr 2026-cı ildə keçiriləcək. Səsvermə zamanı Senatın 33 yeri və Nümayəndələr Palatasının bütün 435 üzvü yenidən seçiləcək. Hazırda Konqresin hər iki palatasına Respublikaçılar Partiyası nəzarət edir.

Prezident Donald Tramp isə daha əvvəl bildirmişdi ki, 2028-ci il seçkilərində yenidən iştirak etməyi düşünmür. O, mümkün varisinin kim ola biləcəyi barədə sualdan yayınaraq respublikaçılar arasında çox güclü namizədlər olduğunu, onların arasında Cey Di Vensin, ABŞ dövlət katibi Marko Rubionun və digərlərinin adlarının çəkilə biləcəyini qeyd etmişdi.