BAKI, 14 oktyabr. TELEQRAF
Rusiyanın Altay Respublikası hakimiyyəti həftəsonları və bayram günlərində spirtli içkilərin satışını tam qadağan etməyi planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə bölgə rəhbəri Andrey Turçak məlumat verib.
O qeyd edib ki, əlavə tədbirlər də nəzərdə tutulur:
"Həftəiçi spirtli içkilərin satış saatları 12:00–20:00, cümə günləri isə 17:00-dək məhdudlaşdırılacaq. Çoxmərtəbəli yaşayış binalarında, uşaq bağçaları və məktəblərin yaxınlığında spirtli içki marketlərinin və pərakəndə satışının tam qadağan edilməsi planlaşdırılır. Kassaların yaxınlığında spirtli içki və tütün məhsullarının açıq sərgilənməsi qadağan ediləcək".
A.Turçak vurğulayıb ki, ötən ildən bəri respublikada ölüm halları doğum göstəricilərini üstələyir:
"Əsas səbəblər arasında spirtli içkilə bağlı yol-nəqliyyat qəzaları, zəhərlənmələr, eləcə də ürək-damar xəstəlikləri və onkologiya yer alır".