BAKI, 12 sentyabr. TELEQRAF
Yuta ştatının qubernatoru Spenser Koks amerikalı mühafizəkar fəal Çarli Kirkin qatilinin həbs olunduğunu təsdiqləyib.
Teleqraf CNN-ə istinadən xəbər verir ki, bu barədə Yuta ştatının qubernatoru Spenser Koks məlumat verib.
"Sentyabrın 11-də axşam saatlarında Tayler Robinsonun ailə üzvü, ailə dostu ilə əlaqə saxlayıb. Həmin şəxs Vaşinqton dairəsinin şerif ofisinə müraciət edərək bildirib ki, Robinson ya cinayəti etiraf edib, ya da bunu dolayısı ilə etiraf edən məlumatlar verib", – deyə qubernator əlavə edib.
Digər məlumata görə, Çarli Kirki öldürməkdə şübhəli bilinərək həbs edilən şəxs atasına etiraf edib, atası bu barədə səlahiyyətlilərə məlumat verib.
"İki mənbə bildirib ki, həmin şəxs atasına atəş açan şəxs olduğunu etiraf edib. Bu barədə atası rəsmilərə məlumat verib", - nəşr bildirib.
Xatırladaq ki, amerikalı siyasi fəal və Donald Trampın tərəfdarı Çarli Kirk sentyabrın 10-da Yuta Universitetində çıxışı zamanı güllələnib.