BAKI, 9 sentyabr. TELEQRAF
Nepal Müdafiə Nazirliyi kütləvi iğtişaşların baş verdiyi şəhərlərə digər təhlükəsizlik xidmətləri ilə birgə qoşun yeridib.
Ordu bütün vətəndaşları təmkinli olmağa və ölkə daxilində gələcək dağıntıların qarşısını almaq üçün təhlükəsizlik qüvvələri ilə əməkdaşlığa çağırıb.
***
21:00
Hindistan Nepalla sərhəddə bütün keçid məntəqələrini bağlayıb.
Teleqraf xəbər verir ki, bu barədə "India Today" telekanalı məlumat yayıb.
Qeyd edək ki, Nepalın paytaxtı və digər şəhərlərində hökumət əleyhinə iki gündür iğtişaşlar davam edir. Baş nazir Şarma Oli istefa verib. Etirazçılar bir sıra dövlət qurumlarının, o cümlədən parlament, Ali Məhkəmə və prokurorluğun binalarını yandırıblar. Siyasətçilərin və məmurların evlərinə hücumlar edilib. Ölkənin keçmiş baş nazirinin həyat yoldaşı öldürülüb.
Hindistan etirazlar fonunda Nepalla sərhəddə təhlükəsizlik tədbirlərini gücləndirib.
Etirazlara səbəb Nepalda hökumətin “Facebook”, “X” və “YouTube” daxil olmaqla 26 sosial media platformasını bloklamaq qərarı olub.