BAKI, 7 sentyabr. TELEQRAF

Rusiyanın hücumu nəticəsində Kiyevin mərkəzində Ukraynanın Nazirlər Kabinetinin yerləşdiyi binada yanğın baş verib.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Kiyev şəhər meri Vitalli Kliçkonun sözlərinə görə, Rusiya pilotsuz uçan aparatının qalıqları Kiyevin Svyatoşinski və Darnitski rayonlarında dörd mərtəbəli yaşayış binalarını da vurub, nəticədə ümumilikdə 2 nəfər ölüb, 11 nəfər yaralanıb.

****

06:37

Rusiyaya məxsus pilotsuz uçuş aparatlarının (PUA) endirdiyi zərbə nəticəsində Kiyevdəki sığınacaqlardan birində yaşlı qadın ölüb.

Teleqraf xəbər verir ki, bu barədə "RBC-Ukrayna" Kiyev meri Vitali Kliçkoya istinadən məlumat yayıb.

Mer qeyd edib ki, hadisə paytaxtın Darnitsa rayonunda baş verib.

Kliçko həmçinin bildirib ki, düşmənin Kiyevə hücumu nəticəsində artıq 11 nəfər yaralanıb. Onlardan 5-i xəstəxanaya yerləşdirilib, digərlərinə isə həkimlər yerindəcə tibbi yardım göstəriblər.

***

04:52

Paytaxtın Svyatoşinski rayonunda Rusiya pilotsuz təyyarələrinin hücumu nəticəsində dayanacaqda olan avtomobillər yanıb.

Teleqraf xəbər verir ki, bu barədə Kiyev hərbi administrasiyasının rəhbəri Timur Tkaçenko sosial şəbəkədə məlumat verib.

"Svyatoşinski rayonunda biz düşmənin hücumunun nəticələrini qeydə alırıq. Dayanacaqda avtomobillərdə yanğın baş verdiyini bildirirlər. Yanğınsöndürənlər vəziyyətə nəzarət etməyə çalışır", - o yazıb.

Kiyev rəsmisi düşmən hücumunun davam etdiyi, hava hücumundan müdafiə sistemlərinin onların qarşısını aldığını deyib və təhlükə bitənədək vətəndaşları sığınacaqlarda qalmağa çağırıb.

"Ukrinform" agentliyi məlumatın Kiyev meri Vitali Kliçko tərəfindən təsdiqləndiyini xəbər edib.

"Svyatoşinski rayonunda PUA dağıntılarının düşməsindən sonra avtomobillər yanır. Təcili yardım xidmətləri hadisə yerinə gedir", - o qeyd edib.

Qeyd edək ki, dronların hücum təhlükəsi ilə əlaqədar paytaxtda və əksər bölgələrdə hava hücumu xəbərdarlığı elan edilib.