BAKI, 22 iyul. TELEQRAF
Tehran hələ İranın nüvə proqramı ilə bağlı Vaşinqtonla birbaşa danışıqlara hazır deyil.
Teleqraf xəbər verir ki, bu barədə İran İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi “Fox News” telekanalına müsahibəsində bildirib.
“Biz, qarşılıqlı fayda kəsb edən həllə aparan, birbaşa olmayan danışıqlara hazırıq", - o, İranın Vaşinqton administrasiyası ilə birbaşa danışıqlara hazır olub-olmaması ilə bağlı sualı cavablandırarkən deyib. Əraqçi “qarşılıqlı əlaqələrə hazır” olduqlarını vurğulayıb.
“Biz İranın nüvə proqramının sülh xarakteri daşıdığını və həmişə belə olacağını sübut etmək üçün tələb olunan istənilən etimadın artırılması tədbirlərini qəbul etməyə hazırıq. İran heç vaxt nüvə silahı əldə etməyə çalışmayacaq. Buna cavab olaraq isə onların sanksiyaları aradan qaldıracağını gözləyirik”, - XİN başçısı söyləyib.
"Bu, hər iki tərəf üçün faydalıdır. Biz bu əsasda qarşılıqlı əlaqələrin qurulmasına hazırıq. Birbaşa danışıqlara başlaya bilmərik, biz hələ də birbaşa olmayan danışıqlara üstünlük veririk", - Əraqçi vurğulayıb.