
BAKI, 25 mart. TELEQRAF
Argentina Prezidenti Xavyer Miley İkinci Dünya müharibəsindən sonra ölkəyə sığınan nasistlərlə bağlı bütün sənədlərin ictimaiyyətə açıqlanması barədə göstəriş verib.
Teleqraf xəbər verir ki, bu barədə Argentina hökumətinin sədri Gilyermo Frankos məlumat verib.
Onun sözlərinə görə, bir müddət əvvəl Prezident Xavyer Miley nasist Almaniyasından qaçanları qoruduğu dövrlə bağlı sənədlərin dərc olunması üçün uzun müddətdir mübarizə aparan ABŞ senatoru Stiv Dainesi qəbul edib.
"Hələ də açıqlanmayan sənədlər, xüsusilə bank əməliyyatları ilə bağlı materiallar mövcuddur. Prezident Miley, senator Dainesin xahişi ilə hökumətin istənilən agentliyinə bütün sənədlərə girişin açılması barədə əmr verib. Ən vacib sənədlərin Müdafiə Nazirliyində ola biləcəyi ehtimal edilir. Bu məlumatları gizli saxlamaq üçün heç bir səbəbimiz yoxdur", - deyə Frankos qeyd edib.