BAKI, 18 fevral. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp və Fransa lideri Emmanuel Makron Ukraynadakı vəziyyəti müzakirə ediblər.
Teleqraf xəbər verir ki, bu barədə bazar ertəsi Ağ Evin mətbuat xidməti məlumat yayıb.
"Prezident Donald Tramp və Fransa Prezidenti Emmanuel Makron Ukraynadakı müharibəni, Avropa ölkələrinin mövqeyini, həmçinin Səudiyyə Ərəbistanında Amerika və Rusiya rəsmiləri arasında danışıqları müzakirə ediblər", - məlumatda deyilir.
Qeyd olunur ki, Trampla Makron arasında söhbət 30 dəqiqəyə yaxın davam edib.
Xatırladaq ki, fevralın 18-də Rusiya və Amerika nümayəndə heyətləri Ər-Riyadda danışıqlar aparacaq, burada ikitərəfli münasibətlərin bütün spektrinin bərpası, habelə Ukrayna nizamlanmasının müzakirəsi və Rusiya və Amerika liderlərinin görüşünə hazırlıq müzakirə ediləcək. Rusiyanı iclasda xarici işlər naziri Sergey Lavrov və prezidentin köməkçisi Yuri Uşakov təmsil edir. CNN-in məlumatına görə, Səudiyyə Ərəbistanında keçiriləcək danışıqlarda ABŞ-ni Dövlət katibi Marko Rubio, milli təhlükəsizlik müşaviri Mayk Vals və ABŞ liderinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Vitkoff təmsil edəcək.