Avropa Şurasının (AŞ) Baş katibi Alen Berse Tbilisiyə rəsmi səfər edib.

Teleqraf.com xəbər verir ki, onu Şota Rustaveli adına Tbilisi Beynəlxalq Aeroportunda Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsalia qarşılayıb.

Gürcüstanın Xarici İşlər Nazirliyindən bildirilib ki, A.Berse Gürcüstanın baş naziri İrakli Kobaxidze, parlament sədri Şalva Papuaşvili, yeni seçilmiş prezident Mixeil Kavelaşvili və xarici işlər naziri Maka Boçorişvili ilə görüş keçirəcək.

Baş katib səfər çərçivəsində işğal xətti yaxınlığında yerləşən kəndə də baş çəkəcək və mövcud vəziyyətlə yerində tanış olacaq.

Səfər dekabrın 21-dək davam edəcək.

***

08:57

Avropa Şurasının (AŞ) Baş katibi Alen Berse bu gün Tbilisiyə rəsmi səfər edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə qurumdan bildirilib.

Baş katibi səfərdə insan haqları və qanunun aliliyi üzrə baş direktor, həmçinin demokratiya və insan ləyaqəti üzrə baş direktor da müşayiət edəcək.

“Missiya son həftələrdə güclü gərginlik, siyasi debatların həddindən artıq qütbləşməsi və zorakılıq aktları ilə səciyyələnən siyasi və sosial kontekstdə baş verir”, - AŞ-nin məlumatında deyilir.

Bundan əlavə, səfərin məqsədinin təşkilatın dəyər və prinsiplərinə tam uyğun olaraq AŞ ilə Gürcüstan arasında əməkdaşlığın davam etdirilməsi üçün şəraitin təmin edilməsi olduğu vurğulanıb.

Məlumata əsasən, A.Bersenin Gürcüstan müxalifətinin nümayəndələri ilə görüşü də planlaşdırılıb.