Rusiyanın Ukraynanı işğalından sonra bütün Avropada hiss edilən enerji böhranı Almaniyanın gündəlik həyatına daha çox təsir etməyə başlayıb.

Teleqraf.com xəbər verir ki, qənaət tədbirləri çərçivəsində böyük şəhər meydanlardakı abidələrin və tarixi binaların işıqlarının sönməsi, ictimai yerlərdə suyun kəsilməsi nəzərdə tutulur.

Paytaxt Berlində bir çox meydanda işıqlar söndürüldüyü üçün tarixi abidələr və ictimai binalar qaranlığa qərq olub. Hannover bələdiyyəsi obyektlərdə isti suyu kəsən ilk böyük Almaniya şəhəri olub.

Aşağı Saksoniya əyalətindəki bələdiyyə obyektlərində də məhdud isti su olacaq, mobil soyutma və istilik cihazları da qadağan ediləcək.

Rəsmilər enerji istehlakını azaltmaq üçün yeni üsulların tətbiq oluna biləcəyini deyirlər.

Ötən gün hökumət enerji şirkətlərinin müflis olmasının qarşısını almaq üçün müxtəlif tədbirlər gördüyünü açıqlayıb. Ukrayna müharibəsindən sonra digər Avropa ölkələri ilə birlikdə Rusiya qazından asılılığını azaltmağın yollarını axtaran Almaniya Rusiya qazından ən çox asılı olan Aİ ölkələri sırasındadır.

“The Times” qəzetinin xəbərinə görə, London administrasiyası tikinti sənayesi nümayəndələrinə şəhərin qərbində elektrik enerjisinin qeyri-kafi olması səbəbindən yeni layihələrin 10 ildən əvvəl başlaması lazım olduğunu bildirib.

London meri Sadiq Xan xəbərdarlıq edib ki, Londonun qərbində minlərlə ev elektrik enerjisinin kəsilməsindən ziyan çəkə bilər.